Çiçəkləyən badam ağacı

Badam ağacı çiçəkləməyə başlayan ilk ağacdır. Bu ağac qış fəslinin sonunda çiçək açır və bu səbəbdən çoxları ona yazın müjdəçisi kimi baxır. Yaz fəsli dirçəliş və canlanma kimi qəbul olunur. Bu baxımdan badam ağacı da soyuq qışdan sonra yeni həyatın bərpasına ümidi təcəssüm etdirir.

Xocalıya ədalət kampaniyasının loqosunda əks olunmuş badam çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskəni olan Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir.

Qopmuş ləçək insanla təbiət arasındakı harmoniyanın pozulduğunu göstərərək diqqəti Xocalı soyqırımı zamanı törədilmiş qeyri-insani əməllərə və qurbanların ədalət bərpa olunmayana qədər “yaz” fəslindən məhrum olan vəziyyətinə yönəldir. Beş ləçəkdən biri olan qopmuş ləçək həm də Azərbaycanın 20% ərazilərinin işğal edildiyini göstərir və pozulmuş ərazi bütövlüyünün tezliklə və qeyd-şərtsiz bərpa edilməsinin vacibliyini ifadə edir.