24 Noyabr 2017

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) təşəbbüsü ilə həyata keçirilən “İslam Dünyası Gənclər Paytaxtı” layihəsi çərçivəsində Mərakeş Krallığının Fəs şəhərində “Ekstremizm və zorakılığın qarşısının alınmasında gənclərin rolu” mövzusunda beynəlxalq forum təşkil olunub.

Forumda İƏT-ə üzv ölkələrdən gənc liderlər və gənclər hərəkatlarının nümayəndələri, aparıcı universitetlərin professorları, müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və təmsilçiləri, eləcə də yerli dövlət qurumlarının rəsmiləri iştirak ediblər.

Forumda son dövrdə müasir dünyanın bəlasına çevrilən, əsasən də müsəlman ölkələrini hədəf alan ekstremizm, radikalizm və münaqişələr fonunda zorakılığın qarşısının alınması və bu istiqamətdə gənclərin qarşısında duran vəzifələr müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Tədbirdə İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən və Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan “Xocalıya Ədalət!” beynəlxalq təbliğat kampaniyasının təqdimatı keçirilib.

İƏT Gənclər Forumunu təmsil edən Sevinc İsgəndərova “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası ilə bağlı təqdimatla çıxış edərək, onun məqsəd və vəzifələri, eləcə də 2009-cu ildən etibarən kampaniya çərçivəsində görülən işlər barədə məlumat verib.

Mərakeşin Gənclər və İdman Nazirliyinin rəhbər nümayəndələri, hüquqşünaslar və ekspertlər çıxışlarında belə faciələri, o cümlədən Xocalıda insanlıq əleyhinə törədilən soyqırımını pisləyib, bu cür qətliamların bəşəriyyətə qarşı ən qanlı cinayət olduğunu bildiriblər.

Xatırladaq ki, “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb. Əllidən artıq ölkəni əhatə edən kampaniyanın uğurla həyata keçirilməsi nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı Xocalı qətliamını soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanıyıb.