Xocalı soyqırımı ilə bağlı daha çox məlumat almaq üçün saytımıza daxil olduğunuza görə Sizə minnətdarıq. 

Azərbaycan öz zəngin tarixi və adət-ənənələri ilə qürur duyur. Azərbaycan bir çox etnik qrupların dinc şəkildə yaşadığı və etiqadından, etnik və irqi mənşəyindən asılı olmayaraq hər kəsin bərabər şəkildə və ehtiramla rəftar olunduğu nadir ölkələrdəndir. Həm qərb, həm də şərqə məxsus inkişafı özündə cəmləşdirən Azərbaycan hər zaman müxtəlif dinlərin, millətlərin və adət-ənənələrin məskəni olmuşdur. Tolerantlıq bizim ən qiymətli dəyərlərimizdən biridir və biz bu dəyəri hər zaman təşviq və müdafiə etmək əzmindəyik.

Lakin, 1992-ci ilin fevral ayında Xocalı sakinləri tolerantlıqdan çox uzaq olan hadisələri yaşamışlar. Həmin gün Ermənistan silahlı qüvvələri uşaq, qadın və yaşlılar da daxil olmaqla yüzlərlə dinc insanı məhz azərbaycanlı olduğuna görə amansızcasına qətlə yetirmiş, yaralamış və qəddar işgəncələrə məruz qoymuşdur.

Bu cinayətlər xüsusi amansızlıqla törədildiyindən və insan ləyaqətinə ciddi zərbə vurduğundan, bəşəriyyət həmin gecənin xatirələrini yaddaşlarda saxlamaq, soyqırımı unutmamaq və qurbanların və sağ qalanların xatirəsini əziz tutmaq üçün mənəvi məsuliyyət daşıyır. Lakin, yaddaşlarda saxlama və xatırlama kifayət deyildir. Biz bu yaddaşlardan dərs çıxararaq cinayətkarları məsuliyyətə cəlb etməklə ədaləti bərpa etməli və bir daha kütləvi şəkildə bu amansız cinayətlərin törədilməməsi üçün zəruri tədbirlərin görülməsinə nail olmalıyıq.

Bu səbəbdən, 2008-ci ildə bu məqsədlərə nail olmaq və qurbanların, sağ qalanların və bütün Azərbaycan xalqının səsinə səs vermək üçün “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Yaradıldıqdan bəri kampaniya güclü beynəlxalq dəstək əldə etmişdir və bu xüsusda kampaniyanın məqsədlərinə çatması üçün öz vaxtlarını və səylərini əsirgəməyən hər bir kəsə minnətdarıq.

Eyni zamanda bu məqsədlərə tam nail olmaq üçün hələ uzun yol qət eyməliyik. Bu səbəbdən Sizi kampaniyanın fəaliyyətlərində iştirak etməyə çağırırıq. Dünya liderlərinə müraciətlərin ünvanlanması, kampaniya üçün könüllü xidmətlərin göstərilməsi, tədbirlərin təşkili və maliyyə vəsaitinin ayrılması da daxil olmaqla Sizin dəstək göstərməyiniz üçün müxtəlif yollar mövcuddur.

Biz səssiz qala bilmərik və qalmayacağıq. Heç kəsin qanundan üstün olmadığını və cəzasızlıq mühitinin davam etməsinə yol verməmək üçün biz dərhal hərəkət etməliyik.

 

 

Hörmətlə,

Leyla Əliyeva
Xocalıya Ədalət Kampaniyasının təşəbbüskarı