Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
09 Mart 2016

9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti və Avropa Film Akt Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisin «Entrepot » kinoteatrında bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

Film Xocalı dəhşətlərinin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin faciədən sonra ölkəmizə gələrək həmin hadisələrin şahidləri ilə görüşlərindən lentə alınmış xatirələri və Ermənistan tərəfindən bu faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında ərsəyə gəlib.

“Sonsuz dəhliz” sənədli filminin nümayişindən əvvəl Avropa Film Akt Assosiasiyasının və Avropa ətrafında Avropa (L’Europe autour de l’Europe) festivalının direktoru İrena Biliç film haqqında qısa məlumat verərək iştirakçılara, xüsusilə də Xocalı faciəsinin şahidləri olmuş Fransanın Azərbaycandakı ilk səfiri Jan Perrenə və litvalı fotojurnalist Riçard Lapaitisə təşəkkür edib.

Avropa Azərbaycan Cəmiyyətinin Paris ofisinin rəhbəri Marie- Laetitia Gourdin nümayiş olunacaq filmin süjet xəttindən bəhs edərək sovet ordusunun köməyi ilə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda, Xocalıda mülki şəxslərə qarşı törətdikləri amansızlıqlardan danışıb. Artıq 20 ildən çoxdur doğma torpaqlarından didərgin düşmüş insanların öz dədə-baba yurdlarına qayıtmaq ümidi ilə yaşadıqlarını diqqətə çatdırıb.

Sonra “Sonsuz dəhliz” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edən faciə şahidi keçmiş səfir Jan Perren Xocalı soyqırımı zamanı Bakıda işlədiyini, hadisədən sonra xəstəxanaların yaralılarla, eyni zamanda, döyülmüş, işgəncəyə məruz qalmış, əlləri ayaqları donmuş mülki şəxslərlə dolu olduğunu bildirib.

J. Perren vurğulayıb ki, Azərbaycanın mövqeyi münaqişəni sülh yolu ilə həll etməkdir.

O, 1993-cü ildə Dağlıq Qarabağ ətrafındakı Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalı zamanı BMT-nin nümayəndələri ilə birlikdə Füzulidə mühasirəyə düşməsindən, düşmənin BMT-nin maşınına atəş açmasından və ələ keçirdikləri kəndləri yandırmasından söz açıb.

J. Perren qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymur.

Litvalı jurnalist Riçard Lapaitis Xocalı faciəsi zamanı Ağdam şəhərində dəhşətlərin şahidi olduğunu vurğulayıb. O, Xocalı hadisələrindən bir həftə sonra Ağdam şəhərinə hələ də cəsədlər gətirildiyini, ermənilərin hətta cəsədləri pulla satdıqlarını deyib.

Gətirilən cəsədlərin tibbi məhkəmə ekspertizası tərəfindən müayinə olunduğunu və onların əksəriyyətinin işgəncələrlə öldürüldüyünü, hətta diri-diri baş dərisinin çıxarıldığını, 590 mülki şəxsin ayağının amputasiya edildiyini bildirib. Hətta uşaqların belə işgəncələrə məruz qaldığını, əsirlikdə olan uşaqlara iynələr vurulduğunu, qayıtdıqdan qısa müddət sonra onların öldüyünü qeyd edib.

Jurnalist sonradan təhdidlərə məruz qaldığını da diqqətə çatdırıb. Ermənilərin “Daşnaksütyun” partiyası, ASALA terror təşkilatı və radikal- separatçı erməni təşkilatı “Krunk”un fəaliyyəti haqqında danışılıb.

Riçard Lapaitis ermənilərin həlak olan əsgərlərini yandırdıqlarını və onların dezertir olması ilə bağlı saxta hesabat hazırladıqlarını bildirib.

Müzakirələr zamanı verilən suallar bir daha göstərdi ki, tamaşaçılar filmdə nümayiş olunan faktlara biganə deyillər. Xocalıda baş verən faciənin bir daha təkrarlanmaması üçün belə hadisələrdən nəticə çıxarılmalıdır.

“Sonsuz dəhliz” filmi Madrid və Tenerife Beynəlxalq Film festivallarında, “Accolade-Global Film Competition” müsabiqəsində mükafatlara layiq görülüb. Film artıq 60-dan çox kino festivalına təqdim edilib və İstanbul, Ankara, Roma, Vilnüs, London, Dublin, Berlin, Bern, Lüksemburq kimi bir çox Avropa şəhərlərində nümayiş olunub. İngilis dilində çəkilən film Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.