Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
16 Fevral 2016

Tanınmış çilili jurnalist Markos Borkoskinin “Cambio21” xəbərlər portalında “24 il əvvəl Azərbaycanda törədilmiş qətliam. Dünya heç vaxt Xocalı adlı şəhəri unutmamalıdır” sərlövhəli yeni məqaləsi yayılıb.

Məqalədə müəllif diplomatik missiyanın müvəqqəti işlər vəkili Orxan Hacıyevlə apardığı söhbət nəticəsində Azərbaycanın Xocalı şəhərində dinc və günahsız əhaliyə qarşı qətliamın törədilməsi haqqında ötən həftəki yazısına istinad edərək, çoxsaylı oxucu müraciətinə əsasən soyqırımı haqqında əlavə məlumatın əldə edilməsi məqsədilə yeni araşdırmalar aparılmasına qərar verdiyini bildirir. Qeyd edir ki, hazırda Çilidə yay fəslidir və bir çox insanların oxumaq imkanı daha genişdir. Jurnalistin vəzifəsi baş verən hadisə haqqında dünya ictimaiyyətinə məlumat verməklə yanaşı, bu kimi qətliamların gələcəkdə baş verməməsi üçün öz töhfəsini verməkdən ibarətdir. İnsanlar öz səhvlərindən nəticə çıxarmırlar, əks təqdirdə, Xocalıda bu dəhşətli hadisə yaşanmazdı.

M.Borkoski 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 dinc sakinin qətlə yetirildiyini bir daha diqqətə çatdırır.

“Qətliam pislənməlidir. Əgər onun qurbanları qadınlar və uşaqlardırsa ikiqat pislənməlidir və həmin qətl hadisələri işgəncə və digər vəhşiliklərlə müşahidə olunursa ondan daha çox pislənməlidir. İnternetdə uşaqların, hələ körpə uşaqların bədənlərinin şəkillərini gördüm və sizə səmimi söyləyim ki, onlara baxa bilmədən və üzümü kənara çevirdim”, - deyə jurnalist qeyd edir.

Məqalədə diqqətə çatdırılır ki, dünyanın bir çox ölkələrinin qanunvericilik orqanları Xocalıda baş verənləri pisləyən qətnamələr qəbul ediblər.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımı ilə əlaqədar söylədiyi “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” fikirlərə də yer ayırıb.

Yazıda bildirilir: “Xocalı sakinlərinə qarşı edilən hücumun səbəbi nə olursa olsun, onların heç birinə bəraət qazandırmaq olmaz. Yüzlərlə insanın, onların arasında yaşlılar, qadınlar və uşaqların qətlə yetirilməsinə heç vaxt bəraət qazandırıla bilməz. Dünyanın bu tayında, Çilidə hazırda yay mövsümünün bitməsinə son bir neçə həftə qalır. Bir çoxları yenidən öz müntəzəm iş yerlərinə, uşaqlar isə məktəblərə qayıdacaqlar. Hazırda bu məqaləni oxuyanlar biləcək və yadda saxlayacaqlar ki, dünyanın o tayında, çox uzaqda, 63 azərbaycanlı uşaq qətlə yetirilib və onlar heç vaxt öz məktəblərinə qayıda bilməyəcək. Bəli, bu yaddaş acıdır, amma bütün dünya bunu unutmamalıdır”, - deyə müəllif oxucuların diqqətinə çatdırır.