25 Fevral 2016

İtaliyanın “L’Opinione” qəzetində araşdırmaçı-jurnalist Domeniko Letizianın Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə Xocalı soyqırımına dair müsahibəsi dərc olunub.

Müsahibənin əvvəlində D.Letizia 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımının törədildiyini vurğulayaraq bu qanlı faciənin acı nəticələrini oxucuların diqqətinə çatdırıb. O “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın müddəalarını qeyd edərək müvafiq məsələ ilə bağlı Azərbaycan səfirinin fikirlərinə yer verib.

Səfir bu gün Yaxın Şərqdə baş verən hadisələrin xüsusilə də Avropanı böyük demoqrafik axınla üz-üzə qoyduğunu, milyonlarla insanın öz doğma torpağını tərk edərək həyatını qurtarmaq üçün Avropaya üz tutduğunu, qitə ölkələrinin üzləşdikləri bu humanitar fəlakətdən çıxış yolları axtardığını bildirib. O deyib: “Azərbaycan bu vəziyyəti yaxşı anlayır. Çünki artıq 20 ildən çoxdur ki, biz oxşar fəlakəti yaşayırıq: Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızdan didərgin düşmüş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və hazırda ölkəmizin müxtəlif bölgələrində məskunlaşıb. Azərbaycan dövləti bu misli görünməmiş humanitar fəlakətlə üz-üzədir”.

Xocalıda baş verənləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün təcəssümü, eləcə də münaqişə vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklərin kulminasiyası kimi xarakterizə edən səfir faciənin acı nəticələrindən bəhs edib. Vurğulayıb ki, Xocalıya hücum etməkdə Ermənistanın əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda yaşayan soydaşlarımızın gözündə dəhşət yaratmaq, bu cinayətlə onları qorxutmaq və tarixi torpaqlarından çıxmağa vadar etmək olub. O dəhşətli gecədə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Bu vəhşiliklərin faciənin şahidi olmuş müxtəlif mənbələr tərəfindən də qeydə alındığını deyən M.Əhmədzadə Xocalıda baş verənlərə münasibətdə Ermənistan prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ” kitabına daxil edilmiş fikirlərini, “Human Rights Watch” hüquq müdafiə təşkilatı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyini diqqətə çatdırıb.

Səfir qeyd edib ki, qanlı Xocalı qırğınını törətməklə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq ölkəmizə qarşı genişmiqyaslı təcavüzə başlayıb, Dağlıq Qarabağ və ətraf yeddi rayonu, ümumilikdə Azərbaycan ərazisinin 20 faizini işğal edib. Həmin ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilib. Ermənistan münaqişə ilə bağlı müxtəlif beynəlxalq təşkilatların tələblərinə məhəl qoymur: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin səbəb və nəticələrinin, Xocalıda baş vermiş faciənin ümumi qiymətləndirilməsi aydın şəkildə göstərir ki, burada həyata keçirilmiş cinayətlər fərdi və ya təsadüfən törədilmiş hadisə deyil, Ermənistanın vəhşiliklər törətmək üçün sistemli siyasətinin və təcrübəsinin tərkib hissəsidir. Bu siyasətin əsasında regionun çoxmədəniyyətli reallığı ilə ziddiyyət təşkil edən ksenofob ideyalar dayanır. Xocalıda mülki əhalinin qəsdən qətlə yetirilməsi məhz onların azərbaycanlı olmalarından irəli gəlib və kütləvi şəkildə məhv edilmək məqsədi daşıyıb. 1948-ci ilin dekabrında qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın ikinci maddəsinə əsasən soyqırımı dedikdə milli, etnik, irqi və ya dini qrupun tam və ya hissəli şəkildə məhv edilməsi niyyəti ilə həmin qrupun üzvlərinin qətli, onların fiziki və əqli bütövlüyünə ciddi xəsarət törətmək nəzərdə tutulur. Bütün bu qeyd olunanlar məhz Xocalıda törədilənlərə uyğun gəlir”. Diplomat əlavə edib ki, Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırımı həyata keçirmiş Ermənistan bu cinayətləri etiraf etmək əvəzinə onları inkar və ört-basdır etmək mövqeyi tutur. Ermənilər Xocalı soyqırımının anım günlərində təxribatları daha da artıraraq törətdikləri vəhşiliklərdən diqqəti yayındırmağa çalışırlar.

Müsahibənin sonunda M.Əhmədzadə dünyanın Xocalı soyqırımının ağır nəticələrini tanımalı və xatırlamalı olduğunu qeyd edərək Xocalı hadisələri və Ermənistan tərəfindən həyata keçirilmiş digər cinayətlərin yalnız Azərbaycan xalqına qarşı yox, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bildirib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu cinayətlərə lazımi siyasi və hüquqi qiymət verməlidir. Əks halda, cəzasızlıq mühiti yeni cinayətlərə yol açır: “Ermənistanın Xocalı soyqırımı ilə bağlı inkar siyasətindən və Azərbaycana qarşı hərbi təcavüzündən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyi son dərəcədə əhəmiyyətlidir”.