26 Fevral 2020

Xarici ölkələrin səfirlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 30 ildən çoxdur davam edir. Təcavüz nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizi işğal edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin gedişində ən qanlı səhifələrdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində Azərbaycan xalqına qarşı törətdiyi soyqırımıdır. Bu gün həmin faciənin törədilməsindən 28 il keçir.

Nazir müavini qeyd edib ki, Xocalı soyqırımı nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb. Göstərilən faktlar dünyanın aparıcı kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında Xocalıda törədilmiş cinayətlər “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasına uyğun olaraq soyqırımı kimi qiymətləndirilib. Milli Məclisin 1994-cü il tarixli 24 fevral “Xocalı Soyqırımı Günü haqqında” Qərarına əsasən 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan edilib.

O əlavə edib ki, BMT Təhlükəsizlik Şurası da Azərbaycana qarşı qanunsuz güc tətbiq edilməsinə və onun ərazilərinin işğalına cavab olaraq 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrdə Azərbaycanda mülki əhaliyə qarşı hücumlar və əhalinin yaşadığı yerlərin bombalanması, kütləvi şəkildə mülki əhalinin məcburi köçkün halına düşməsi halları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kütləvi şəkildə pozuntusu hallarını xüsusi olaraq qeyd edib. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli Qərarında Xocalıda törədilmiş əməlləri müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər olan xüsusilə ağır nəticələr doğuran əməllər kimi səciyyələndirib. İslam Əməkdaşlığı Təşkilatı Xocalıda soyqırımı törədilməsi faktını tanımış və bununla əlaqədar Ermənistanın məsuliyyətini tələb edib.

Bildirilib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarlar qəbul edilib. Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını qınayan rəsmi sənədlər qəbul olunub.

Sonda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.