Azərbaycanın Efiopiyadakı səfirliyi BMT-nin Əddis-Əbəbədəki mənzil-qərargahında (UNECA – BMT-nin Afrika üzrə İqtisadi Komissiyası) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi təşkil edib.
Tədbirdə Efiopiyanın dövlət qurumlarının və Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Afrika İttifaqının rəsmiləri, Azərbaycanın ali məktəblərini bitirmiş efiopiyalı məzunlar və mətbuat nümayəndələri iştirak ediblər.
Səfir Elman Abdullayev mərasimdə çıxış edərək Xocalı soyqırımının Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edib. O, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törətdiklərini vurğulayıb. Səfir Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 613 günahsız azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, onlardan 106-nın qadın, 63-nün uşaq, 70-nin qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Ermənistan prezidenti Serj Sarkisyanın azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı ilə bağlı verdiyi müsahibədə günahsız insanların ermənilər tərəfindən qətlə yetirildiyini açıq şəkildə etiraf etdiyini vurğulayıb. Diplomat beynəlxalq və qeyri-hökumət təşkilatlarının, o cümlədən dünyanın aparıcı mətbuat orqanlarının Xocalıda törədilmiş qətliamı bəşəriyyətə qarşı cinayət və vəhşilik kimi dəyərləndirdiyini bildirib.
Səfir dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalıda törədilmiş cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini vurğulayıb.
Daha sonra tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımından bəhs edən film göstərilib.
Əddis-Əbəbə Universitetinin professoru Abera Deqfa Xocalı soyqırımının hüquqi əsaslandırılması ilə bağlı təqdimatla çıxış edib. Xocalı soyqırımının hüquqi aspektlərini təhlil edən və beynəlxalq təşkilatların araşdırmalarına, habelə müvafiq konvensiyalara istinad edən A.Deqfa Xocalı soyqırımı qurbanlarının məhz azərbaycanlı olduqlarına görə hədəfə alındıqlarını söyləyib. O, Xocalıda törədilən cinayətin hüquqi baxımdan beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmasının zəruri olduğunu qeyd edib, bu cinayətə susmağın ən böyük ədalətsizlik olduğunu vurğulayıb.
Azərbaycanda təhsil almış efiopiyalı məzun Seyfu Tirfi çıxış edərək Xocalı soyqırımının törədildiyi zaman ölkəmizdə olduğunu və xalqımızın yaşadığı bu acını və şahidi olduğu ağır mənzərəni indiyədək unuda bilmədiyini qeyd edib. O, bu qanlı cinayətləri törədənlərin yaxın zamanda cəzalandırılacağına inandığını bildirib.
Digər məzun Tassisa Kaba azərbaycanlıların öz doğma torpaqlarından qovulan zaman əliyalın və ağır durumda olduqlarını ürəkağrısı ilə xatırlayıb, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin cavabsız qalmayacağına və ədalətin bərqərar olacağına əminliyini bildirib.
Üzərində “Xocalıya ədalət!” yazılmış köynəklər geyinən iştirakçılar mərasimin keçirildiyi “Afrika zalı”nın girişində Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilmiş cinayətləri əks etdirən fotostendlə tanış olublar.
Tədbir Efiopiyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.