Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.

1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı birtərəfli şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladılar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan və 940 kv.km əraziyə və münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik Xocalı bu əməliyyatların birinin hədəfinə çevrildi.

1991-ci ilin oktyabr ayından etibarən bu rayon tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdır. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsildi və helikopter yeganə nəqliyyat vasitəsinə çevrildi. Şuşa şəhəri üzərində 40 nəfərin ölümü ilə nəticələnən mülki helikopterin vurulması hadisəsindən sonra bu xidmət də öz fəaliyyətini dayandırdı. 1992-ci ilin yanvar ayından etibarən şəhərə elektrik təchizatı kəsildi. Xocalı ancaq əhalinin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı.

Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağ regionunun digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyə və əlverişli imkanlara malik olmaq məqsədini güdürdü. Erməni qəddarlığının arxasında duran niyyət növbəti hərbi əməliyyatlarda psixoloji üstünlük əldə etmək üçün azərbaycanlıların iradəsini qırmaq idi. Onlar həmçinin Xocalıda və ətraf ərazilərdə olan tarixi izlərin ermənilərin ərazi iddialarını puça çıxardığından Xocalını yer üzündən silmək məqsədini güdürdü.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriya bombalamasından sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələr, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər.

Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin onların ümidləri boşa çıxdı. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.

28 fevral tarixində tərkibində jurnalistlər də olan qrup iki helikopterlə azərbaycanlıların qətlə yetirildiyi yerə çata bildilər. Mənzərə hamını dəhşətə gətirdi – sahə cəsədlərlə dolu idi. Helikopterin vəzifəsi dağlıq zonada enmək və əhalinin kütləvi qətlə yetirildiyi yerlərdən cəsədləri toplamaq idi. İkinci helikopterin havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq dörd meyiti götürmək mümkün oldu. 1 mart tarixində yerli və xarici jurnalistlərdən ibarət qrup hadisə yerində olduqda onların müşahidə etdiyi vəziyyət daha da dəhşətli olmuşdur: meyitlərə xəsarətlər yetirilmiş və skalpları götürülmüşdür.

Əhalinin qətlə yetirildiyi məkana səfər edənlərdən biri olan jurnalist Çingiz Mustafayevin sözlərində deyildiyi kimi, ölənlər arasında “2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi”.

Şübhəsiz Xocalıda baş verənlər münaqişənin ən iri miqyaslı qırğını idi. Bütövlükdə, hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1,275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Xocalı bir çox cəhətlərinə görə öz özəlliyi ilə seçilir. Birincisi, Xocalı heç bir ciddi hərbi texnika və istehkamlara malik olmayan bütövlükdə mülki yaşayış məskəni idi. Buna görə ağır texnika ilə şəhərə hücum heç bir hərbi zərurətə malik olmadığından hərbi cəhətdən heç cür əsaslandırıla bilməz. Beləliklə, bu zəruri olmayan və artıq güc tətbiqi idi. İkincisi, Xocalıya hücum hərbi əməliyyatların dövlətlər-arası mərhələsinin başlanması dövrünə təsadüf edir. Bu səbəbdən şübhəsiz Ermənistan növbəti təcavüzkar əməliyyatlarını həyata keçirməkdə psixoloji üstünlük əldə etmək məqsədilə azərbaycanlıları qorxutmaq niyyətini güdürdü. Erməni qəddarlığının misilsiz dərəcəsi, o cümlədən erməni işğalçıları tərəfindən əhalinin yaxın məsafədə və xüsusi amansızlıqla öldürülməsi və ardınca meyitlərin üzərində aparılan təhqiredici hərəkətlər bu nəticəyə gəlmək üçün şübhə yaratmayan əsaslar verir.

Digər vacib məqam ermənilərin “dəhliz” iddiaları ilə bağlıdır. Ermənistan iddia edir ki, guya dinc sakinlərin şəhəri tərk etməsi üçün “humanitar dəhliz” təmin etmişdir. Bu xüsusda məntiqi olaraq sual çıxır: Ermənistanın niyyəti şəhəri məhv etmək idisə onlar nə üçün əhalinin şəhərdən çıxmasına imkan verən bu çıxışı açıq saxlamışdır? Cavab sadədir: Ermənistan bu çıxışı özünün iddia etdiyi kimi humanitar səbəblərdən açıq saxlamamışdır – onlar ya bu sonuncu çıxışı bağlamaq imkanına malik olmamış, ya da sonradan mülki əhali üçün seçim imkanı yaratdığını və onları qırmaq niyyəti güdmədiyini iddia etmək üçün qəsdən onu açıq buraxmışdır.

Dəhliz iddiasının zəifliyi və əsassızlığı təşəkkül tapmış sübutlar, o cümlədən şahidlərin ifadələri, eləcə də beynəlxalq hesabatlar, hətta erməni rəsmilərinin etirafları fonunda asanlıqla görünə bilər. Bu sübutlar onu göstərir ki, əhali şəhəri məqsədsiz, xaotik, heç bir təlimat və qabaqcadan məlumatlandırma olmadan tərk etmişdir. Əgər bu cür “dəhliz” mövcud olsaydı əhali ondan xəbərdar olardı. Bundan əlavə, Ermənistanın niyyəti humanitar çıxış təmin etmək idisə, onda o, nə üçün əhali azərbaycanlıların nəzarətində olan Ağdam şəhərinə çatmaq üçün şəhəri tərk edən kimi onların yol boyunca – həmin “dəhliz”də - Ermənistan hərbçiləri tərəfindən pusquya salındığını və öldürüldüyünü izah etməlidir.

Xocalı soyqırımı münaqişənin ən qanlı və geniş miqyaslı qırğını olmağına baxmayaraq, bu yeganə (təcrid olunmuş) hal olmamışdır. Məhz bu qırğına kimi Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğınlar Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etmişdir.