Fevralın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində eyniadlı tədbir təşkil edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov və “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı Xocalı soyqırımına siyasi qiymətin verilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıblar. “Faciədən 32 il ötməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verilməyib. Lakin ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də Azərbaycanın dövlət suverenliyi tam təmin olunub. Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu yerlərdə ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzində gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. Faciədən illər ötsə də, Azərbaycan xalqı bu hadisələri heç zaman unutmayacaq və gələcək nəsillərə ötürəcək”, - deyə əlavə olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov vurğulayıb ki, bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Çünki Vətən müharibəsində Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində Azərbaycan Ordusu tarixi Qələbəyə imza atıb.
“Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-nın “Xocalı Soyqırımı Günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə isə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Hazırda müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini dünyaya çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası geniş şəkildə həyata keçirilir”, - deyə F.Cəfərov qeyd edib.
Mərasimdə Xocalıda donmuş ananın qucağında vəfat etdiyi güman edilən ikiyaşlı körpə Kübra Mahmudova və onu xilas edən Əsəd Fərəcov haqqında videogörüntülər göstərilib.
Tədbir çərçivəsində “Xocalıya ədalət gənclərin gözündə” adlı süni intellekt müsabiqəsinin sərgisi nümayiş olunub. Sərginin məqsədi süni intellektdən istifadə edərək Xocalı soyqırımını gənclərin yaddaşına həkk etməkdir. Sözügedən müsabiqənin münsiflər heyəti sırasında yer alan dünyaşöhrətli fotojurnalist Reza Deqati və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasovun iştirakı ilə müsabiqədə I, II və III yerə layiq görülən və fərqlənən gənclərə mükafat təqdim olunub.
Sonda “Cadenza” Müasir Orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi konsert proqramı ilə çıxış ediblər.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “İRƏLİ” İctimai Birliyi Azərbaycan Milli Konservatoriyasının və “Cadenza” müasir orkestrinin birgə təşkilatçılığı ilə keçirilib.