Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
“Human Rights Watch” (keçmiş “Helsinki Watch”) hesabatı, səhifə 19-24, sentyabr 1992-ci il

XOCALI

Fevralın 25-dən 26-na keçən gecə Ermənistan qüvvələri Stepanakertdən təxminən on mil aralıda yerləşən Azərbaycan şəhəri olan Xocalını zəbt etdilər. Xocalının bəzi sakinləri geri çəkilən Azərbaycan hərbiçiləri və özünümüdafiə qüvvələrinin müşayiəti ilə Ağdama getmək məqsədilə sərhədi keçmək üçün Xocalını tərk edərkən Ermənistan hərbi postlarına yaxınlaşdı və atəşə məruz qaldılar. Azərbaycan hökuməti hazırda bu hadisələrlə bağlı iki istintaq aparır; biri xüsusi parlament komissiyası, digəri isə prokurorluq tərəfindən. Bundan əlavə, Rusiyanın nüfuzlu qeyri-hökumət təşkilatı olan “Memorial” İnsan Hüquqları Mərkəzi 1992-ci ilin mart ayında hadisənin müstəqil tədqiqatını aparmışdır [2].       

Azərbaycan Prokurorluğunun rəsmilərinin məlumatına görə Dağlıq Qarabağda münaqişənin eskalasiyasından öncə Xocalının 6000 nəfər sakini var idi; onun bəzi sakinləri daha öncə şəhəri tərk etməsi səbəbindən onun fevral ayı üzrə əhalisinin dəqiq sayını müəyyənləşdirmək mümkün olmamışdır. 1988-ci ildə Xocalı yalnız 2000 sakinə və kənd statusuna malik olmuşdur; Ermənistandan olan azərbaycanlı qaçqınların burada məskunlaşması səbəbindən onun əhalisinin sayı artmışdır. Azərbaycan hökuməti həmçinin Mərkəzi Asiyada təqiblərdən xilas olmağa çalışan bir neçə yüz məhsəti türklərini də Xocalıda yerləşdirmişdir. Nəhayət, Dağlıq Qarabağın digər hissələrindən, xüsusən Stepanakertdən azərbaycanlılar buraya axışmış və 1991-1992-ci illərdə Ermənistan qüvvələri onların kəndlərini ələ keçirdikdən sonra bu proses davam etmişdir. Yalnız 1991-ci ilin dekabrında Azərbaycan hökuməti ona rayon statusu vermiş və Xocalı Dağlıq Qarabağda Şuşadan sonra ikinci ən çox azərbaycanlının yaşadığı rayon idi. [3]

Dağlıq Qarabağda yeganə hava limanı Xocalıda yerləşir. Azı 1990-cı ildən bəri, əsasən şəhəri və hava limanını mühafizə etmək üçün Azərbaycanın OMON hərbi bölməsi Xocalıya yerləşdirildi. Yerləşdirilən hərbiçilərin dəqiq sayı məlum deyil. Məcburi köçkünlər qırxa qədər hərbiçinin şəhərin əhalisi ilə birlikdə Xocalını tərk etdiyini bildirsə də, Xocalı ilə bağlı istintaqa rəhbərlik edən Aydın Rəsulov bu rəqəmin iyirmi iki olduğunu bildirir. Bundan əlavə Xocalının 200-ə kimi özünü-müdafiə qrupu olmuşdur.        

Ermənistan silahlıları Xocalıda yerləşən Azərbaycan qüvvələrinə həmin şəhərdən Stepanakertə raket hücumlarının dayandırılmadığı halda Ermənistan qüvvələrinin hücum edəcəyi ilə bağlı xəbərdarlıq göndərdiklərini bildirir. “Helsinki Watch” tərəfindən Bakıda müsahibə aparılan Azərbaycanlı qadın A.H. bunları söylədi:

Ermənilər Malıbəylini tutduqdan sonra Xocalıya ultimatum göndərdilər.… və Xocalı əhalisinin ağ bayraqla tərk etməsini tələb etdilər. Əlif Hacıyev [Xocalıda yerləşən hərbçilərin rəhbəri] bizə bunu 15 fevral tarixində söylədi, lakin bu məni və digər insanları qorxutmadı. Biz inanmırdıq ki, onlar Xocalını işğal edə bilərlər.

Xocalı hadisələrinin “Helsinki Watch” tərəfindən dindirilən iyirmi iki Azərbaycanlı şahidinin demək olar ki hamısının söylədiyinə görə 1991-92-ci illərin qışında kənd demək olar ki hər gün atəş altında saxlanılırdı və əhali gecələri zirzəmilərdə keçirməyə öyrəşmişdilər.

Xocalıya hücum 25 fevral tarixində təxminən saat 23:00-da gərgin silah və artilleriya atəşləri ilə başladı. Tikinti fəhləsi olan Həsən Allahyarovun “Helsinki Watch”a dediklərindən:

Atəş səslərinə öyrəşmişdik, lakin çox vaxt bu pulemyotlarla edilirdi. Balkonda yatmışdım və oğlum mənə yaxınlaşdı və bu dəfə başqa səsin gəldiyini söylədi. Ayağa qalxdım və ... BMP [silahlı piyada daşıyıcıları] və tankların bütün istiqamətlərdən atdığını gördüm...Çölə çıxdıqda hər yerdən bomba düşdüyünü gördüm.

Bir neçə qaçqın Xocalıya hücum zamanı və ya onlar şəhəri tərk edərkən evlərin yandığını gördüyünü söylədilər. Züleyxa Dünyamalıyeva (bacısı Xocalıdan çıxarkən həlak olub) gecə yarısı saat 1:00-da məhsəti türklərinin yaşadığı qonşu ərazidə yanğının alovlandığını gördüyünü söylədi: “Məhsəti turkləri bizim qonşuluqda fin növündə olan evlərdə yaşayırdı. Onların evləri yanan kimi biz dərhal oranı tərk etdik.”

Əksər Xocalı sakinləri gecə saat 3:00-a kimi şəhərdə idi, bəziləri xüsusi evlərdə zirzəmilərdə qalırdı. Bundan əlavə təxminən 300 sakin bir məktəbin zirzəmisində sığınacaq tapmışdı. Bəziləri özünümüdafiə qüvvələrinin küçələrlə hərəkət edərək əhalini şəhərdən çıxmağa çağıran təlimatlarından sonra gecə saat 3:00-də şəhəri tərk etmək qərarına gəldiklərini söylədilər.     

Xaos və təşviş içində sakinlər müxtəlif qruplarla, əksəriyyəti öz əşyalarını və soyuq hava üçün geyimlərini götürmədən şəhəri tərk etdilər. Nəticədə, yüzlərlə insan sərt donvurmadan əziyyət çəkdi – bir çoxları həyatını itirdi.

Xocalı sakinlərinin əksəriyyəti dayaz çay boyunca, dağlardan keçən və ermənilərin nəzarətində olan Naxçıvanlı kəndinin yaxınlığındakı açıq sahəyə doğru aparan yol ilə hərəkət etdilər. Ən gərgin atışma məhz burada olmuşdur. Digərləri onları Ağdam yaxınlığında Azərbaycanın nəzarətində olan Şelli kəndinə aparan başqa yol ilə çıxdılar. Xocalıdan sağ çıxan xeyli sayda insan Ağdam ətrafına getmək yolunu tapmaq üçün bir neçə gün meşədə dolaşmışdılar.       

● Hərbi qüvvələrin yerləşməsi

Şəhəri tərk edən qruplardan biri də Əlif Hacıyevin rəhbərlik etdiyi hava limanından çıxan Azərbaycan OMON qrupu olmuşdur. “Helsinki Watch” tərəfindən dindirilən bir çox şəxslərin sözlərinə görə Hacıyev məktəb zirzəmisində sığınacaq tapan qrupun şəhəri tərk etməsinə rəhbərlik etmişdir. Naxçıvanikdə ermənilər və 366-cı alayın qüvvələri geri çəkilən OMON hərbiçilərinə və xilas olmağa çalışan sakinlərə atəş açdılar. Dindirilmədə iştirak edən bu qrupda olan bütün azərbaycanlılar hələ də hərbi formada olan və bəziləri hələ də silahlı olan hərbiçilərin mülki əhali kütləsi ilə qarışdığını bildirdilər. Məsələn, 33 yaşlı çörəkbişirmə sexində işləyən Hicran Ələkbərova “müdafiəçilər tərəfindən çevrəyə alınmış” şəkildə hərəkət edən mülki əhali kütləsini təsvir etdi. “Onlar bizi müdafiə etmək istəyirdilər. Onların silahları var idi və cavab atəşi aça bilərdilər.”

Donvurma zədəsi səbəbindən ayaq barmağı amputasiya edilməli olan iyirmi bir yaşlı bir azərbaycanlı qadının dediklərindən: “Bizim qrupun liderləri kişilər idi. Kəndə [Naxçıvanik] yaxınlaşan kimi ermənilər atəş açdılar. Onlar bizi mühasirəyə aldılar və atəş açdılar. Erməni və bizim əsgərlər arasında atışma oldu.” OMON bölüyünün üzvü S.A. “Helsinki Watch”a dedi: “Biz birgə şəkildə atəş açır və qaçırdıq, lakin bu təşkil olunmuş formada tərk etmə deyildi. Biz hamımız bir-birimizə qarışmışdıq.”

Ayaqlarını don vurmuş digər gənc Azərbaycanlı qadın da qarşılıqlı atəş açma hallarını təsvir etdi: ermənilər bizi gördükdə onlar atəş açmağa başladılar. Biz gizləndik. Eyni zamanda, azərbaycanlılar geriyə atəş açdılar. Onlar Azərbaycan OMON dəstəsindən idilər. Biz çıxarkən onların bəziləri bizimlə idi.”

 Mülki əhaliyə atəş açma

Naxçıvanikdə törədilən qırğının şahid və qurbanları “Helsinki Watch”a atəşə məruz qalan əhali barədə müxtəlif rəqəmlər səsləndirdi və güllə yaralarını necə aldıqlarını təsvir etdilər.

Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın “Helsinki Watch”a söylədiyinə görə kütlə öldürülməyə başladığı zaman onlar geri çevrildi və müxtəlif istiqamətlər üzrə qaçmağa başladı.

Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq.  

Xanım Əzizova üzərindən keçdiyini söylədiyi səkkiz adamın adını saydı və onların heç bir silahının olmadığını iddia edirdi: Elşad Abışov, Zəlif Ələkpəliyev, Təvəgül Ələkpəliyeva, Saxavət Ələkpəliyev (deyilənə görə doqquz yaşı var idi), Elmar Abdulov, Etibar Abışov və Həbib Abışıov.

Sonradan əsir götürülən gənc azərbaycanlı qadın “Helsinki Watch”a söylədi: “Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa başladığını gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər.”

Həsən Allahyarov dedi: “öncə biz Naxçıvanikə qaçdıq, lakin onlar əhaliyə atəş açmağa başlayan zaman biz digər istiqamətə doğru qaçdıq. Yolda bir BMP dayanmışdı – mən onu görmədim, yalnız mərmilər görürdüm.” Allahyarovun atasından ayrılmış on səkkiz yaşlı qızı tank gördüyünü söylədi: “tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələnmiş meyidlər gördüm və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm.”

Hicran Ələkbərova deyirdi:

Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan var idi. Onların sayı yüz olardı. Saymağa cəhd etmədim. Bu sahədə mən yaralanmışdım. Əlif Haciyev yaralanmışdı və mən ona kömək etmək istədim. Güllə mənim qarnıma dəydi. Onların haradan atdığını görürdüm. Sahədə olan digər meyidlər də gördüm. Onlar yenicə öldürülmüşdülər – dərilərin rəngi hələ dəyişməmişdi.     

Əlli bir yaşlı Baloğlan Allahyarov söylədi:

Naxçıvanikə səhər saat 8:00-də çatdıq və onlar atəş açan zaman bir sahənin ortasında idik. Onlar yalnız bir istiqamətdən – meşədən – atəş açırdı. Sonra biz bu sahədən həyat yoldaşım və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metr məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş, qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. [Ermənilər] onların üzüklərini götürmüşdülər.

Səhər saat 8:00-də Nazilə Əhmədova sol ayağından güllə yarası aldı:

Biz iməkləyirdik. Ayaq üstə duran hər kəs yaralanmışdı. Ayaqlarımı rahatlamaq üçün ayağa durdum və mən də yaralandım. Xeyli sayda insanın yaralandığını gördüm və iməkləyərək onlardan aralanmalı olduq. Yaralandıqdan sonra məni keçən bir çox insanı görmədim; onlar meşədə gizlənmişdilər. Axşam saat 7:00-yə kimi qarda qaldım. Xalq Cəbhəsinin üzvləri gəldi və mənə qaçmağa kömək etdi.

27 fevral tarixindən başlayaraq Azərbaycan helikopterləri cəsədləri toplamağa və yaralılara kömək etməyə çalışan heyəti əraziyə gətirdilər. Bəzi xilasedici qruplar maskalanma geyimində idilər və fransız jurnalistinin müşayiət etdiyi bu qruplar bəzi cəsədlərin baş dərilərinin soyulduğunu və başqa formada təhqirə məruz qaldığını söyləyirdilər. Qrupun bir üzvü missiyanı video lentə almışdı.   

Ölənlərin sayı

Xocalıdan xilas olarkən öldürülən mülki əhalinin sayı ilə bağlı hələ də dəqiq rəqəmlər yoxdur. Aydın Rəsulova görə qəsdən adamöldürmə sübutları olan 300-dən çox cəsəd ekspertizadan keçmək üçün təqdim edilmişdir. ”Helsinki Watch” Bakıya səfər etdiyi vaxt bu ekspertizanın nəticələri hələ yekunlaşmamışdı və istintaq qrupu faciədən sonrakı ilk günlərdə Ağdamdan ailə üzvləri tərəfindən götürülən Xocalı qurbanlarının cəsədlərini analiz etməkdə davam edirdi. Azərbaycan tərəfindən təqdim edilən və “Memorial” qrupu tərəfindən dərc edilən əvvəlki rəqəmlər güllə, şrapnel və ya digər yaralardan ölənlərin sayının 181 olduğunu göstərir (130 kişi və əlli beş qadın, o cümlədən on üç uşaq). Bundan başqa, qeyri-müəyyən sayda insan donvurmadan ölmüşdür. Azərbaycan Parlamentinin Hüquq, qanunçuluq və müdafiə məsələləri idarəsinə rəhbərlik edən və Xocalı hadisələrinin istintaqını aparan parlament qrupunun tərkibinə daxil olan Namiq Əliyevin 23 aprel tarixində ”Helsinki Watch”a bildirdiyinə görə Ağdamda 213 Xocalı qurbanı dəfn olunub. Ağdamda müvəqqəti olaraq yaradılmış hospitalda qəbul edilmiş bəzi cəsədlər kombatant kimi müəyyən edilmişdir [4].            

Əliyev həmçinin ekspertizaya təqdim edilən cəsədlərin otuz üçünün baş dərisinin soyulduğunu, bədən hissələrinin qoparıldığını və ya başqa formada təhqirə məruz qaldığını söylədi.

Yüz səksən Xocalı sakininin itkin düşdüyü bildirilir. 

Bu hesabatın V hissəsindən qeyd edildiyi kimi mülki əhali və ayrı-ayrı mülki şəxslər heç bir silahlı münaqişənin qanuni hücum hədəfi sayıla bilməz. Bu səbəbdən münaqişə tərəfləri hər zaman mülki şəxslər ilə kombatantlar arasında fərq qoymalı və hücumu yalnız sonuncuya yönəltməlidir. Bundan əlavə, tərəflər hərbi hədəfləri hücumdan qorumaq və ya geri çəkilmə halları da daxil olmaqla hərbi əməliyyatları qorumaq üçün mülki şəxslərdən istifadə edə bilməz. Beləliklə də qaçan mülki əhali ilə qarışan kombatantlar həmin mülki şəxsləri təhlükə altına alır və öz mülki əhalisini qorumaq üzrə öhdəliyini pozmuş olur.   

Baxmayaraq ki, geri çəkilən kombatantlar və qaçan zaman kombatant rolunu oynayan mülki şəxslər birbaşa fərdi hücumun hədəfinə çevrilirlər, hücum edən tərəf hər bir halda mülki şəxslərin itkilərindən yayınmaq və ya onları minimuma endirmək üçün ehtiyat tədbirlərini görmək öhdəliyini daşıyırlar. Xüsusən də hücumun nəzərdə tutulan konkret və ya birbaşa hərbi faydasına münasibətdə artıq mülki şəxslərin itkisinə səbəb olacağının gözlənildiyi aşkardırsa, həmin tərəf hücumu təxirə salmalıdır. 

Naxçıvanikdə Xocalıdan çıxan şəxslərə qarşı hücum ətrafındakı vəziyyət onu göstərir ki, Ermənistan qüvvələri və 366-cı MDB alayının qüvvələri (ehtimal ki, onlar komandirlərinin əmrləri ilə hərəkət etmirdi) hücumlar zamanı təmkinlik göstərməyi tələb edən bu adət hüquq normasını qəsdən pozublar. Dağlıq Qarabağ rəsmiləri və silahlıları Xocalı sakinlərinin qaçmasını aşkar şəkildə gözləyirdilər. Çünki onlar əhalinin təhlükəsiz şəkildə çıxması üçün bir dəhlizin açıq saxlanılacağı barədə şəhəri məlumatlandırdıqlarını iddia edirlər. ”Helsinki Watch” tərəfindən dindirilən heç bir şahid bu cür dəhliz barədə əvvəlcədən xəbərdar olduqlarını bildirmədiblər. Bundan əlavə, baxmayaraq ki, şahid və qurbanlar Naxçıvanikdə qətliamın başladığı dəqiq vaxt ilə bağlı fərqli ifadələr verdilər, onların hamısı havanın sağlam görüntüyə və beləliklə də hücum edənlərə silahsız mülki şəxsləri silahlı və / və ya silah istifadə edən şəxslərdən fərqləndirməyə imkan verən qədər işıqlı olduğunu bildirdilər. Bu vəziyyətdə geri çəkilən kombatantların öldürülməsi əvvəlcədən müəyyən edilə bilən qədər geniş miqyasda mülki əhali itkilərinə haqq qazandıra bilməz.                

Mənbə: Qafqazda qətliam, “Human Rights Watch” (keçmiş “Helsinki Watch”) hesabatı, sentyabr 1992-ci il, səhifə 19-24.

 

[1] Qeyri-rəsmi tərcümə, əsli ingilis dilində: Qafqazda qətliam, “Human Rights Watch” (keçmiş “Helsinki Watch”) hesabatı, sentyabr 1992-ci il, səhifə 19-24

[2] Memorial İnsan Hüquqları Mərkəzinin 25-26 fevral 1992-ci il tarixdə Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatı. Rus dilində “Helsinki Watch” vasitəsilə əldə oluna bilər. “Nezavisimaya Gazeta”da 1992-ci il 18 iyun tarixində yenidən nəşr olunmuşdur (səhifə 5). 

[3] 25 fevral hücumundan öncə Xocalıda həyat barədə məlumat almaq üçün Tomas Qoltzun “The Washington Post” qəzetində çıxmış “Ələ verilmiş rayon: Qarabağda öldürmə məkanı,” başlıqlı 8 mart 1992-ci il tarixli yazısına (səh. C1) baxıla bilər.

[4] ”Helsinki Watch” a göndərdiyi 1992-ci il 17 iyul tarixli məktubunda cənab Əliyev 927 nəfərin öldüyünü bildirib. Bu ölüm hallarının donvurma, güllə yaraları və ya hansısa digər səbəblərdən baş verməsi aydın deyil.