Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
The Guardian, 3 mart 1992-ci il

Cəsədlər ermənilər tərəfindən qırğının törədildiyini göstərir, Karl Ualdron Stepanakertdən və Brian Killen Azərbaycanın Ağdam şəhərindən xəbər verir.

Ermənistan hərbiçiləri tərəfindən azərbaycanlı mülki şəxslərə qarşı qırğın törədildiyinə dair yeni sübutlar ortaya çıxan bir vaxtda ötən gecə Müstəqil Dövlətlər Birliyinin Dağlıq Qarabağda yerləşən sonuncu əsgərləri Qafqaz anklavını tərk edirdilər.

Rusiya xəbər agentliyi İtar-Tassın bildirdiyinə görə keçmiş Sovet ordusunun 366-cı zirehli alayı münaqişə vəziyyətində olan erməni və azərbaycanlıları ayıran sonuncu buferi də aradan qaldıraraq geri çəkilməyə başladı. Alay anklavın paytaxtı olan Stepanakerti Sovet qüvvələrinin Əfqanıstandan çıxarılmasına rəhbərlik etmiş general Boris Qromovın nəzarəti ilə tərk edirdi. “Hərbi texnika və şəxsi heyətin cərgələri bütün döyüş dəstəyi və sursatları ilə birlikdə çıxarılır. Dağlıq Qarabağdakı rəqib tərəflər onların çıxmasına qarşı müqavimət göstərmirlər,” Tass Transqafqaz hərbi qərargahın bəyanatından sitat gətirir.

Avtomatik silahlarla təchiz edilmiş MDB əsgər və desantçıları ərazidən çıxarılmadan qabaq şəhər ətrafında güllə zərbələrindən zədələnmiş tikililər boyunca müdafiə mövqelərində sıx olaraq yerləşmişdilər. Şəhərin perimetri boyunca tanklar və onun mərkəzi meydanında kənara xəbərdarlıq işarəsini verən toplar da yerləşdirilmişdi.

Dünən “növbəti faciə”nin qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatının cəlb olunmasını çağıran Ermənistan keçən həftə onun hərbiçiləri tərəfindən azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərində 1000 nəfərin öldürülməsini və qarla örtülmüş dağ keçidləri ilə xilas olmaq üçün qaçan kişi, qadın və uşaqların qırğına verildiyini inkar etməkdə davam edir.

Lakin əraziyə səpələnən onlarla cəsədlər qırğın barədə Azərbaycan xəbərlərinin doğru olduğunu göstərir. Əraziyə helikopter ilə qısa səfər edən Azərbaycan rəsmiləri və jurnalistlər başlarının arxa hissəsi partlamış üç uşaq meyidini gətirdilər. Onlar ermənilər tərəfindən açılan atəş səbəbindən daha çox sayda meyit götürə bilmədiklərini bildirdilər.

“Qadın və uşaqların başlarının dəriləri soyulub”, Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi. Dağlıq Qarabağın kənar ərazilərində yerləşən Ağdam yaxınlığında milis rəisi olan Rəşid Məmmədovun dediklərindən: “Cəsədləri götürmək istədikdə onlar atəş açmağa başladılar. İnsan cəsədləri qoyun sürüsü kimi yerdə səpələnmişdi, heç faşistlər belə vəhşilik törətməyiblər”.

Ağdam yaxınlığında fotoqraf Frederik Lengeyn dedi ki, azərbaycanlı cəsədlərlə dolu iki yük avtomobili görüb.

“İlk avtomobildə 35, güman ki, 2-cidə də elə o qədər cəsəd var idi. Bəzilərinin başı kəsilmiş, əksəriyyəti yanmış idi. Hamısı kişi idi və çox az hissəsi xaki formasında idi,” o dedi.

Qətliam barədə sübutlar müstəqil müşahidəçilər tərəfindən görülmüş, lentə alınmış və sənədləşdirilmişdir. Dünən Ermənistan tərəfindən atılan artilleriya və raket silahından Azərbaycanın Şuşa şəhərində daha onlarla adamın öldürüldüyü qeyd edilir. Bu cür əməllər Stepanakertdəki və bütün Azərbaycandakı ermənilər üçün yaxşı bir şey vəd etmir: qisas aktları mümkündür.       

Dağlıq Qarabağda dörd illik döyüşlər zamanı təxminən 1500-2000 nəfər həlak olub. Ən amansız döyüşlər ötən həftə baş vermişdir.    

MDB hərbi komandiri general-leytenant Saryan Baneyev Rusiya televiziyasına onun adamlarının hər iki tərəfin qüvvələrin çıxarılmasına qarşı hər bir cəhdinin qarşısını alacağını bildirmişdir. 

Ermənistanın prezidenti Levon Ter Pertosyan qüvvələrin çıxarılmasını tənqid etdi. “Bu alay hərbi əməliyyatlara cəlb olunmasa da sabitləşdirici faktor idi. Fikrimcə bu zəif düşünülmüş addımdır,” deyə o, parlamentdə bildirmişdir. “Bu alayın çıxarılması Dağlıq Qarabağda sabitliyin daha da pozulmasına gətirib çıxara bilər.”  

 

Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014