Karey Qoldberq
Moskva – kamera solmuş qış kollarından qırmızı qış geyimində olan azyaşlı uşağın donmuş cəsədinə, sonra isə üzləri qanlı, rəngsiz halda olan beş ölü qadın dəstəsinə tuşlanarkən kameramanın özünün hönkürtüləri fonun musiqisini təşkil edirdi.
Azərbaycan Televiziyasının müxbiri Çingiz Mustafayev çərşənbə günü Moskvada keçirilən mətbuat konfransında gördüyü səhnənin dəhşətlərinə tabe olduğunu etiraf edərək beynəlxalq ictimaiyyəti diqqəti Dağlıq Qarabağ şəhəri olan Xocalıda Ermənistan hərbiçiləri tərəfindən keçən həftə törədilmiş ölüm hallarına yönəltməyə çağırdı.
“500 metr radiusu olan ərazi meyidlərlə dolu idi,” Mustafayev Azərbaycan rəsmilərinin qətliam adlandırdığı hadisəni təsvir edərək söylədi.
Azərbaycan sözçüləri 25 fevral tarixində axşam Xocalı zəbt olunarkən 1000-ə qədər insanın öldürüldüyünü və 300 nəfərin girov götürüldüyünü bildirir; Dağlıq Qarabağdakı erməni rəsmiləri Azərbaycanın məlumatlarının doğru olmadığını və onların qiymətləndirməsinə görə 80 nəfər Xocalı sakinin öldürüldüyünü bildirir.
Dağlıq-Qarabağ parlamentinin mətbuat xidməti də Mustafayevin videosunun saxtalaşdırıldığını söyləyir; mətbuat xidməti bildirir ki, orada göstərilən meyidlər bir qırğının nəticəsi deyil, bazar günü dəyişdirilən erməni və azərbaycanlıların meyidlərinin bir hissəsidir.
Dəqiq ölüm sayından asılı olmayaraq, Xocalı Dağlıq Qarabağ anklavı uğrunda dörd illik Azərbaycan-Ermənistan müharibəsinin ən son faciəsini təşkil edir. Müharibədə artıq 1000 nəfərdən artıq insan tələf olub, yerli iqtisadiyyat məhv olub və minlərlə kəndli yuvasız qaçqın vəziyyətinə çevrilib.
Çərşənbə günü şahidlərin ifadələri və rəsmi məlumatlar ilə birgə Mustafayevin videosunun göstərildiyi mətbuat konfransında Azərbaycan prezidentinin müşaviri Rasim Ağayev keçmiş Sovet əsgərlərinin Dağlıq Qarabağda qalan sonuncu alayını da Xocalıya hücumda təqsirləndirdi.
“Bu cinayət Azərbaycanı mütəşəkkil ordu qurmaq yolundan döndərmək üçün qorxu yaratmaq məqsədilə Müstəqil Dövlətlər Birliyinin silahlı qüvvələri tərəfindən törədilib,” Ağayev dedi. “Bu əməllər müharibə cinayətləri sayılmalıdır. Yalnız azərbaycanlılar öldürüldüyünə görə bu əməllər soyqırım adlandırılmalıdır.”
Lakin Birliyin Müdafiə Nazirliyinin sözçüsü İvan Skrilnik rəsmən neytral rola malik alayın Xocalını mühasirəyə almaqda və işğal etməkdə Ermənistan hərbiçilərinə kömək etməsini qəti şəkildə inkar etdi. Lakin o, bir neçə zirehli nəqliyyat vasitəsini ələ keçirdiyi söylənilən fərarilərin əməliyyatda iştirakının mümkünlüyünü qəbul etdi.
Müharibə edən iki tərəfin arasında qalan 366-cı motoatıcı piyada alayı ərazidən bazar ertəsi çıxmalı idi. Lakin onun getməsi ərazidə baş verən çaxnaşmalarla əngəlləndi. Çərşənbə günü onun komandirləri alayın avadanlıqlarının Gürcüstana hava yolu ilə daşınacağını, şəxsi heyətinin əksəriyyətinin isə ərazini artıq tərk etdiyini elan etdilər.
Xocalı sakinləri bu alayın şəhərin ələ keçirilməsinə kömək etdiyinə əmindirlər, çünki onların jurnalistlərə dediklərinə görə ən azı 40 ədəd zirehli maşın onları 3 tərəfdən mühasirəyə almışdı; onlar israr edirlər ki, erməni hərbiçilərinin o qədər zirehli maşını yoxdur.
Mustafayevin keçən cümə günü lentə aldığını bildirdiyi meyidlər olan ərazi Xocalının şərqində erməni rayonları olan Əsgəranla Naxçıvanik arasında, Xocalı sakinlərinin Ağdama getmək üçün istifadə etdiyi xilas yolunda yerləşir.
Hücumdan sağ qalan 40 yaşlı Xocalı sakini mühasib Aleq Əliyevin söylədiyinə görə hücumdan xilas olmağa çalışan böyük bir kütlə meşədən boş bir sahəyə çıxan kimi güman ki, pusquda duran azı iki zirehli döyüş maşınının pulemyot silahlarının atəşinə məruz qaldılar. “Onlar fikirləşirdilər ki, artıq təhlükəsiz bir yerə çatıblar,” o, qohumları və qonşularını nəzərdə tutaraq söylədi. “Onlar Ağdamdan bir az aralıda idilər. Lakin onların hamısı öldürüldü.”
Mustafayev ərazidə 100-dən artıq meyit saydığını söylədi. Video lentdə onlarla qadın və uşaqların cəsədi göstərilirdi, bəziləri baş nahiyələrdən vurulmuşdu, bəzilərin isə vurulduğu yer görünmürdü. Onların paltarları dağınıq halda idi ki, bu da onların axtarışa məruz qaldığını göstərir.
Jurnalistin bir şahidin ifadəsinə istinadən dediyinə görə qızıl və pul axtaran hərbiçilər silahlarını köməksiz vəziyyətdə yerə uzanmış artıq yaralı olan şəxslərin başlarına tuşlayırdı. Onlardan qiymətli əşyaları tələb olunur və sonra öldürülürdü. Yaxın məsafədə olan çoxsaylı baş yaralarını bununla izah etmək olar.
Mustafayev bazar ertəsi əraziyə qayıtdıqda iki cəsədin başının dərisinin soyulduğunu və bir ölü qadının üzünün bir hissəsinin kəsildiyini gördüyünü deyir. O, meyidlərin üzərində aparılmış dəyişikliklərin düşmən qüvvələrini qorxutmaq məqsədilə edildiyini və ya güman ki, əsgərlərin fəal şəkildə insan öldürdüyünü göstərmək üçün cəsədlərin kəsilmiş hissələrini öz komandirlərinə apardıqlarını söylədi.
Birliyin telekanalı “bu dəhşətli səhnədir” və 7000 sakinə malik Xocalı şəhəri “faciəvi tale” yaşadığını bildirərək video lentdən yalnız bir fraqment göstərdi.
Ermənistan rəsmiləri təkid edirlər ki, Xocalı və ətraf ərazilər əsasən mülki əhalidən təmizlənib. Onların sözlərinə görə Xocalıda şəhərdə qalan azsaylı sakinlərdən insan sipəri kimi istifadə edən və şəhərdən ermənilərin məskunlaşdığı paytaxt Stepanakertə atəş açmaq üçün istifadə edən Azərbaycan döyüşçüləri məskunlaşmışdı; onlar söylədilər ki, Xocalı ələ keçiriləndən sonra Stepanakertə atəşlər dayandı.
Dağlıq-Qarabağda çaxnaşmaların artmasına münasibət bildirən Rusiya prezidenti Boris Yeltsin mübahisəli anklavda dörd illik müharibəni dayandırmaq üçün bir daha cəhd göstərmək məqsədilə regiona xüsusi vasitəçilər göndərdi.