Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Sofiyada, Dünya Ticarət Mərkəzləri Birliyinin şəbəkəsinə daxil olan “INTERPED-WTC” Mərkəzində Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayevanın təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Mərasimdə Bolqarıstanın dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin, diasporumuzun üzvləri, Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sofiya Şıqayeva tədbirdə çıxış edərək Xocalı soyqırımı haqqında məlumat verib.

Sonra çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımının 24-cü ildönümündə silahlı münaqişə zamanı mülki şəxslərin qorunmasının vacibliyinin aktuallıq kəsb etdiyini diqqətə çatdırıb. Silahlı münaqişə zamanı bir çox hallarda beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasına beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqət göstərilməməsini qeyd edən səfir cəzasız qalan cinayətlərin sülh və barışığa nail olunmasına ciddi maneə yaratdığını bildirib. O, bunun bariz nümunəsinin Xocalı soyqırımı olduğunu bildirərək 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklərdən danışıb. Günahsız əhaliyə qarşı erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən bu soyqırımı aktının Ermənistan-Azərbaycan münaqişəsinin gedişatında Azərbaycanda mülki əhaliyə qarşı törədilən böyük qətl hadisəsi olduğunu qeyd edib. Səfir BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Azərbaycana qarşı qanunsuz gücün tətbiq olunmasına və ölkəmizin ərazilərinin işğalı nəticəsində Azərbaycanda çox sayda mülki şəxslərin yerdəyişməsi, mülki şəxslərə hücumlar və yaşayış məntəqələrinin bombardman edilməsi ilə əlaqədar beynəlxalq humanitar hüququn pozulmasına dair dəqiq istinadların mövcudluğunu qeyd edib. Bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi müstəqil mənbələrdən alınan məlumatlara istinad edərək və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı erməni döyüşçülərinin şəhəri atəşə tutarkən Azərbaycan mənşəli yüzlərlə mülki şəxsin qaçmaq istədiyi zaman onların öldürüldüyü, yaralandığı və ya girov götürüldüyünü sübuta yetirərək, Xocalıda törədilən vəhşilikləri “müharibə cinayətləri və ya insanlığa qarşı yönəlmiş cinayətlərə bərabər tutulan ağır akt” kimi müəyyən edib. Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin səbəb və nəticələri, həmçinin Xocalı faciəsi ilə bağlı bütün mövcud faktların qiymətləndirilməsi Azərbaycanın bu şəhərində törədilmiş soyqırımının təsadüfi addım deyil, Ermənistanın qərəzli və sistemli siyasətinin nəticəsində baş verdiyini tamamilə aydın göstərir. Xocalıda dinc sakinlər məhz azərbaycanlı olduqları üçün kütləvi şəkildə qətlə yetiriliblər. Ən ağır cinayətlərin törədildiyi zaman cəzasızlığa son qoymaq üçün daha qətiyyətli tədbirlərin tələb olunduğunu söyləyən diplomat cinayətkarların hələ də cəzasız qalmasının Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün ciddi maneə yaratdığını bildirib. Səfir beynəlxalq ictimaiyyətin münaqişə zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin cəzasız qalmasına son qoyulmasında fəal rol oynamasının vacibliyini bildirərək, cinayətkarların cəzalandırılmasının davamlı sülhün təmin edilməsi üçün vacib şərt olduğunu diqqətə çatdırıb.

Səfir son illərdə Xocalı soyqırımı ilə bağlı dəhşətli həqiqətlərin Azərbaycanın səyi, xarici tərəfdaşlarımızın dəstəyi ilə dünyaya çatdırıldığını vurğulayaraq, faciəyə real qiymət verilməsinə nail olunduğunu söyləyib. N.Qurbanova bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayından başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd edib. Kampaniya nəticəsində 10-dan artıq ölkənin, ABŞ-ın 20-dən çox ştatının Xocalı hadisələrini soyqırımı aktı kimi tanıdığını vurğulayıb.

Sonra çıxış edən “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, 2003-2008-ci illərdə Bolqarıstanın Azərbaycandakı səfiri olmuş İvan Palçev Bakıda çalışdığı müddətdə Xocalı şahidlərinin xatirələrini eşitdiyini söyləyib, Xocalı soyqırımının XX əsrin yaxın tarixinin ən qanlı səhifəsi olduğunu bildirib. Lakin soyqırımının hələ də lazımi qiymət almadığını qeyd edən İ.Palçev beynəlxalq təşkilatları bu məsələyə diqqət yetirməyə çağırıb.

“Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Sofiya Universitetinin geologiya-coğrafiya fakültəsinin professoru, 1970-cı illərdə Azərbaycan Neft-Kimya İnstitutundan məzun olmuş Georgi Georgiyev çıxışında Bakı şəhərinin hər zaman beynəlmiləl şəhər olduğunu söyləyib, azərbaycanlıların qonaqpərvərliyindən söz açıb.

Ermənilərin məkrli planlarından danışan professor beynəlxalq güclərin təhriki və yardımı ilə azərbaycanlıların belə bir ağır mənzərə ilə üzləşdiyini qeyd edib. Azərbaycanın düzgün siyasəti və güclü iqtisadiyyatı sayəsində münaqişənin ədalətli həllinə nail olacağına ümid etdiyini bildirən G.Georgiyev bu yolda bütün tərəqqipərvər qüvvələrin güclərinin birləşdirilməsinin vacibliyini qeyd edib.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı sənədli film nümayiş etdirilib.