ABŞ-ın “Eurasia review” jurnalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Azərbaycanda Xocalı faciəsi: iyirmi dördüncü ildönümünün anımı” sərlövhəli məqalə dərc edilib.
Müəllif məqalədə Xocalı soyqırımı barədə ətraflı məlumat verir. Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Qeyd olunur ki, Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisəsi kimi tarixə düşüb.
Məqalədə Avropa-Azərbaycan Məlumat Mərkəzinin rəhbəri Taleh Həsənovun fikirlərinə də yer verilib: “Biz yalnız azərbaycanlı olduğumuz üçün xalqımızın başına bu cür müsibətlər gətirilib. Çünki xalqımız əsrlər boyu bu cür etnik təmizləməyə məcbur qalıb”.
Xocalı soyqırımının Ermənistan tərəfindən yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edən müəllif Dağlıq Qarabağda və ətraf 7 rayonda günahsız insanların necə xüsusi amansızlıqla qətlə yetirildiyini və münaqişə zonasında günahsız insanların sistematik şəkildə məhv edildiyini vurğulayır. O bildirir ki, azərbaycanlılar hələ də münaqişə zonasında ermənilər tərəfindən hücumlara məruz qalırlar. Mütəmadi olaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərinə atəş açır. 1980-ci ildən Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddiaları hələ də bitmir.
Məqalədə, həmçinin bildirilir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistandan öz qoşunlarını Dağlıq Qarabağdan və işğal olunmuş ətraf ərazilərdən qeyd-şərtsiz çıxarmaq tələb olunsa da, Ermənistan hökuməti bu məsələdə heç bir addım atmır. Fevralın 26-da bu dəhşətli hadisənin artıq iyirmi dördüncü ildönümü qeyd ediləcək. Lakin Ermənistan hakimiyyəti 1980-ci illərdə olduğu kimi, hələ də işğalçılıq siyasətini davam etdirir.