Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
27 Fevral 2020

Fevralın 26-da Kanadanın Ottava şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı etiraz aksiyaları keçirilib.

Kanadanın Parlament binasının önündə baş tutan piketdə Ontario Azərbaycan İcması, Azərbaycan-Türk Kanada Assosiasiyası, Azərbaycan Kanada Multikultural Mərkəzi, Azərbaycan Qadınlarına Dəstək Mərkəzi, Monreal Kanada-Azərbaycan Cəmiyyəti, Qarabağ Azərbaycan dili məktəbi, Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti və ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan təşkilatları və icmaları iştirak ediblər.

Aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqlarını, "Xocalıya ədalət!" posterini, "Kanada oyan! Xocalıya ədaləti dəstəklə!", "Biz ədalət tələb edirik! Ermənistan beynəlxalq qanunlara riayət etməlidir!", "Övladlarınıza nifrəti öyrətməyin, onlara sevgi və sülhü öyrədin!", "Erməni yalanlarını durdurun!", "Mən Qarabağdanam, evimi geri istəyirəm!", "Siz arxivlərinizi aça bilmirsiniz, çünki onlar yalan üzərində qurulub", "Erməni terroruna YOX!", "Azərbaycana qarşı erməni terrorunu durdurun!" və sair şüarlar yazılmış plakatları tutublar. Bütün şüarlar ingilis və fransız dillərində səsləndirilib.

Daha sonra soydaşlarımız Ermənistanın Kanadadakı səfirliyinin önünə doğru yürüş ediblər.

Ermənistan səfirliyinin qarşısındakı piketdə Oğuz Türk, Dəniz Savalan, Mirəli Mahmudzadə, Yeganə Cəfərova, Kəmalə Şiriyeva və Elməddin Məmmədov çıxış ediblər. Onlar Xocalıda baş verən dəhşətli hadisələrdən danışıblar. Qeyd edilib ki, erməni silahlı dəstələri Xankəndində yerləşmiş 366-cı motoatıcı diviziyanın zirehli texnikası və hərbçiləri ilə birgə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə blokadada olan Xocalıya hücum edərək, dinc azərbaycanlılara qarşı soyqırımı törədiblər. Natiqlər bu dəhşətli cinayəti törətmiş erməni cəlladlarının beynəlxalq məhkəmə qarşısında cavab verməsini, Xocalı faciəsinin soyqırımı kimi tanınmasını, Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, erməni silahlı qüvvələrinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağdan çıxarılmasını, Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasını tələb ediblər.