Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
28 Fevral 2020

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda “Motsart” konsert salonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimində Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpus, Strasburqun akademik dairələri və yerli ictimaiyyətin nümayəndələri, eləcə də Strasburq Universitetində təhsil alan tələbələrimiz və diasporumuzun təmsilçiləri iştirak ediblər.

Anım mərasimində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov insanlığa qarşı cinayət olan Xocalı qətliamı haqqında iştirakçılara məlumat verib. Xocalı faciəsinin Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən günahsız sakinlərə qarşı soyqırımı aktının törədildiyini bəyan edib.

Bildirib ki, qadın, uşaq və ahıllardan ibarət 613 azərbaycanlı bir gecədə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib. Həmçinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salındığını xatırladıb.

XX əsrin sonlarında bu cür vəhşiliklərin qəbuledilməz olduğunu söyləyən F.İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının əhəmiyyətini xüsusi vurğulayıb. Bu kampaniya çərçivəsində həyata keçirilən tədbirlər haqda məlumat verib. Təəssüflə qeyd edib ki, bu soyqırımı törədənlər hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar. Xocalı sakinləri ədalətin bərqərar olmasını və bu qətliamı törədənlərin cəzalandırılmasını tələb edirlər. Əks təqdirdə, cəzasızlıq və susqunluq yeni insani faciələrə aparacaq.