Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Fevralın 26-da Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə səfirlikdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov 24 il əvvəl Xocalıda bəşəriyyətə qarşı törədilmiş cinayətdən danışıb. O deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.

Azərbaycanın Latviyadakı səfirliyinin apardığı davamlı və məqsədyönlü iş nəticəsində Latviya parlamentinin Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun fevralın 24-də Xocalı soyqırımına həsr olunan xüsusi iclası keçirilib, faciə haqda danışılıb və səfirliyə başsağlığı məktubu ünvanlanıb. Səfirlikdə keçirilən tədbir zamanı həmin məktub səsləndirilib. Məktubda deyilir: “Latviya Seyminin Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı qırğınını Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirir və Xocalıda qətlə yetirilmiş insanların xatirəsinin anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”.

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi İlham Məmmədov deyib ki, bu gün bütün dünyada azərbaycanlılar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər. Sevindirici haldır ki, xaricdə fəaliyyət göstərən gənclər təşkilatı Azərbaycan haqqında həqiqətin yayılmasında fəal iştirak edirlər. O, Latviyadakı Azərbaycan diasporunun sayca az olmasına baxmayaraq, diasporumuzun hər zaman keyfiyyətli iş və təbliğatın aparılması ilə seçildiyini qeyd edib və gələcəkdə də Azərbaycan reallıqlarının Latviya ictimaiyyətinin diqqətinə çatdırılmasının davam etdirilməsinin zəruriliyini bildirib.

Latviyadakı Azərbaycan diasporunun ağsaqqalı, “Azəri” Cəmiyyətinin sədri Ulduzxan Əhmədov Dağlıq Qarabağ münaqişəsindən danışarkən diqqətə çatdırıb ki, erməni terrorçularının törətdiyi vəhşiliklər indiyədək bəşəriyyətin qarşılaşdığı dəhşətləri kölgədə qoyub. O, Xocalı haqda həqiqətlərin yalnız 26 fevral ərəfəsində deyil, hətta hər gün Latviya ictimaiyyətinin diqqətinə çatdırmağın lazım olduğunu qeyd edib.

“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin nümayəndələri Xocalı faciəsinin Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş terror aktı olduğunu bildiriblər.

Anım tədbirində “Xocalıya ədalət!” kampaniyası tərəfindən təqdim olunmuş təbliğat materialları və Xocalı qırğınından sonra məşhur Azərbaycan jurnalisti Çingiz Mustafayevin çəkdiyi kadrlar nümayiş etdirilib.

Sonda ehsan süfrəsi açılıb.

x x x

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində fevralın 26-da Xocalı soyqırımına dair silsilə tədbirlərin davamı olaraq, Riqa şəhərinin mərkəzində yerləşən Riqa Dumasının qarşısından azadlıq heykəlinin önünə qədər “Azəri” Gənclər Cəmiyyətinin təşəbbüsü ilə Latviyada təhsil alan azərbaycanlı tələbələr və onların əcnəbi tələbə yoldaşları, diaspor nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət!” adlı yürüş həyata keçirilib. Bu yürüş zamanı Riqada yaşayan yerli və əcnəbi vətəndaşlar arasında Xocalı soyqırımını özündə əks etdirən broşürlər paylanılıb, soyqırımına dair məlumatlar ictimaiyyətə çatdırılıb.

Yürüşə icazənin ənənəvi olaraq verilməsi Latviya tərəfinin Xocalı şəhidlərinin anılmasında Azərbaycanla həmrəy olduğunun bariz nümunəsidir.

Bununla yanaşı, Azərbaycan ombudsmanı Elmira Süleymanovanın Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar verdiyi bəyanatın mətni Latviya dövlət qurumlarına, buradakı bütün diplomatik nümayəndəliklərə və yerli mətbuata göndərilib.

Bundan başqa, Latviyada təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə ölkənin ali təhsil ocaqlarında da Xocalı soyqırımına aid görüşlər keçirilib və tələbələr arasında müvafiq məlumatlar yayılıb.