Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
06 Mart 2020

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində “Qara qatar səslənir, Qarabağda talan var, Xocalıda soyqırımı!” adlı hərəkətdə olan rəsm sərgisini Ankara-Qars-Ankara marşrutu üzrə daşıyan qatar mənzil başına çataraq birbaşa Türkiyə paytaxtına yola salınıb.

Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi qurulan əlavə vaqonun qoşulduğu Ankara-Qars sərnişin qatarı fevralın 27-də paytaxtdan yola düşüb.

Altı gün yolda olan sərgi vaqonu Kayseri, Ərzurum, Ərzincan və Sarıqamış dəmir yolu stansiyalarında fasilə edib. Əsərlər həmin stansiyalarda da sərgilənib. Bu stansiyalarda təşkil olunan qarşılanma mərasimlərində və sərgilərin açılışında yerli hakimiyyətin rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sərgi vaqonu martın 4-də Qars stansiyasına çatıb. Qarşılanmada Qarsdakı Baş konsulluğumuzun əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri iştirakı ediblər. Bir gün stansiyada sərgilənən əsərlər yenidən həmin vaqonla birbaşa Ankaraya yola salınıb.

Qeyd edək ki, bu trayektoriya Azərbaycanın Türkiyədəki səfirliyi, Ankarada fəaliyyət göstərən Qazi Universiteti və Türkiyə Dövlət Dəmir Yollarının birgə layihəsi əsasında Xocalı soyqırımı ilə bağlı təşkil olunan ilk hərəkətli nümayişdir. Sərgi yolboyu, eləcə də nümayiş olunduğu stansiyalarda özünə böyük ziyarətçi cəlb edib.